Ortopedik ReabilitasiyaPediatrik Rehab

Düz daban (pes planus)

Düz Daban Nədir?

Ayağın normal quruluşunda daxili tərəfdə qövs adlanan bir əyilmə olur. Bu qövs bədən çəkisini bərabər paylayır və hərəkət zamanı təkanı yumşaltmaq üçün amortizator kimi çıxış edir. Pes planus zamanı bu qövs ya tamamilə düz olur, ya da çox zəif görünür. Uşaqlarda doğuşdan ayaq qövsü zəif inkişaf edə bilər, lakin bu çox vaxt 5-7 yaşa qədər tədricən formalaşır.


Əsas məqamlar:

Fizioloji pes planus — 5–6 yaşına qədər uşaqlarda normaldır, çünki ayaq qövsləri hələ tam formalaşmayıb, yağ yastığı daha qalındır və bağlar elastikdir. Bu yaşa qədər adətən içlik lazım olmur, əgər uşaqda ağrı, tez yorulma və ya yeriş problemi yoxdursa. Patoloji və ya davamlı pes planus — əgər 6–7 yaşdan sonra ayaq qövsü hələ də formalaşmayıb, xüsusilə də: Ayaqlarda ağrı, şin və dizlərdə yorğunluq Topuq içəriyə dönmə (pronasiya) Tez yorulma, yerişdə dəyişiklik müşahidə olunursa, içlik istifadəsinə başlamaq tövsiyə olunur. Erkən başlama hallar — 3–4 yaşdan etibarən belə başlanıla bilər, amma yalnız: Ayaqda ciddi deformasiya, nevromuskulyar xəstəlik, ayaqda ağrı və yeriş pozuntusu olduqda

📌 Praktik qayda

0–5 yaş: müşahidə və ayaq əzələlərini gücləndirən oyun-məşqlər 6 yaşdan sonra: əgər simptomlar qalırsa və ya deformasiya artırsa → ortopedik içlik Ağrı və funksional problem varsa, yaşdan asılı olmayaraq daha erkən başlana bilər

Səbəbləri

  1. Kongenital (Doğuşdan) Faktorlar:
    • Əzələ və ya bağ zəifliyi
    • Genetik yatqınlıq (ailədə düz daban olması)
  2. Sonradan Yaranan Səbəblər:
    • Ayağın düzgün inkişaf etməməsi
    • Obezite (artıq çəki ayağa həddindən artıq yük verir)
    • Ayaq travmaları
    • Bəzi nevroloji xəstəliklər (məsələn, serebral iflic)
  3. Hipomobil Qığırdaq və ya Hipermobil Birləşmələr:
    Bəzi uşaqlarda oynaqların həddindən artıq hərəkətliliyi (hipermobilite) düz dabanla nəticələnə bilər.

Simptomlar

  • Ayaqda və ya baldırda ağrı (xüsusilə günün sonunda)
  • Tez yorulma,
  • Duruş pozğunluğu (məsələn, dizlərin içəriyə doğru əyilməsi)
  • Ayaqqabıların simmetrik aşınmaması (bir tərəfin daha tez köhnəlməsi)

Qeyd: Çox uşaq heç bir simptom hiss etmədən normal həyat tərzi keçirə bilər.


Diaqnoz

  • Fiziki müayinə: Həkim ayağın formasını, duruşunu və gəzmə tərzini qiymətləndirir.
  • Podoskopiya: Xüsusi cihazla ayaq izinin təhlili.
  • Rentgen və ya MRI: Nadir hallarda, sümük və ya yumşaq toxumalarda problem aşkar etmək üçün tətbiq olunur.

Müalicə

1. Müalicə tələb olunmayan hallar:
Əgər uşaq ağrı hiss etmirsə və gəzməsi normaldırsa, müalicəyə ehtiyac yoxdur. Valideynlərə müşahidə və düzgün ayaqqabı seçimi tövsiyə olunur.

2. Konservativ üsullar:

  • Ortopedik ayaqqabı və ya dəstək ortezləri: Ayaq qövsünü dəstəkləyir və yükü bərabər paylayır.
  • Fizioterapiya: Əzələləri gücləndirən və gəzmə tərzini düzəldən məşqlər.
  • Kilo nəzarəti: Artıq çəkidən qaçınmaq.

3. Cərrahiyyə:
Çox nadir hallarda (məsələn, ağır deformasiya və ya ağrı zamanı) tövsiyə olunur.


Valideynlərə Məsləhətlər

  • Uşağın ayaqqabılarını diqqətlə seçin (dəstəkli, yumşaq və elastik olmalıdır).
  • Açıq və düz dabanlı ayaqqabılardan istifadə etməyin.

Tez-tez Verilən Suallar

1. Uşağımın düz dabanı öz-özünə keçəcəkmi?
Çox vaxt 5-7 yaşlarında ayaq qövsü formalaşır. Lakin bəzi hallarda düz daban ömürlük qala bilər.

2. Düz daban ciddi problemdir?
Çox hallarda heç bir təsiri olmur. Ancaq ağrı və duruş pozğunluğu yaradırsa, mütəxəssis köməyi lazımdır.

3. İdman etmək olarmı?
Bəli! Qaçış idman növləri istisna olmaqla üzgüçülük, velosiped və ayaq gücləndirici məşqlər faydalıdır və etmək olar.


Nəticə
Uşaqlarda düz daban çox vaxt fizioloji normadır və valideynlərin tələsməməsi tövsiyə olunur. Lakin simptomlar ağırlaşarsa, peşəkar kömək axtarılmalıdır. Sağlamlıq həmişə prioritetdir!

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir