Uşaq serebral iflici

Uşaq Serebral İflici baş beynin doğuşdan əvvəlki, doğuş zamanı və ya doğuşdan sonrakı dövrlərdə müxtəlif səbəblərdən zədələnməsi nəticəsində əmələ gələn, adətən erkən uşaqlıq dövründə aşkarlanan və hərəki pozğunluqlarla: ifliclər, əzələ zəifliyi, koordinasiya pozğunluqları, qeyri-iradi hərəkətlərlə xarakterizə olunan bir haldır. Beynin zədələnmə dərəcəsindən asılı olaraq meydana çıxan simptomların ağırlıq dərəcəsi də müxtəlif olur: yüngül, zəif nəzərə çarpan və ya çox ağır, tam əlilliyə gətirib çıxaran zədələnmələrə qədər. Bu uşaqlarda epileptik tutmalar, psixi inkişaf ləngiməsi, qavrama və öyrənmə çətinlikləri, görmə, eşitmə, nitq, intellekt pozğunluqları da müşahidə oluna bilər. Baxmayaraq ki, serebral iflicli uşaq çox zaman əqli inkişafdan geri qalmış uşaq kimi təəsürat yaradır, bu heç də həmişə həqiqətə uyğun olmur. Serebral iflic irsi xəstəlik deyil və bilavasitə uşaq ölümünün səbəbi olmur, lakin ömrünün qısalmasına gətirib çıxara bilər.
Müasir dövrdə doğulan hər 1000 uşaqdan 8-10-u bu xəstəlikdən əziyyət çəkir.
Serebral iflicin yaranma səbəbləri
Uşaq serebral iflicin səbəbləri aşağıdakılar hesab olunur:
1.Hamiləlik dövründə:
– Hamiləlik zamanı ananın infeksion xəstəliklərə tutulması (məs. məxmərək, herpes,sitomeqalovirus, toksoplazmoz və s) Ananın hamiləliyin ilk aylarında infeksion, xüsusən virus xəstəliklər keçirməsinin böyük əhəmiyyəti var. Ekzantem infeksiyalar – məxmərək, herpes, kəskin respirator virus infeksiyaları, hətta anada yüngül, simptomsuz keçdikdə, döldə müxtəlif ağırlıqda beynin patologiyasını törədə bilər. İnfeksion proses dölə hematogen yolla (cift vasitəsilə) keçə bilər. Ananın infeksion xəstəliklərindən sonra döldə degenerativ dəyişikliklər gedir. Beynin hansı inkişaf dövründə patologiyaya uğramasından asılı olaraq müxtəlif qüsurlar, eybəcərliklər və inkişafdanqalma halları yaranır.
– Rezus konflikt
– Ananın səhhətində olan problemlər (şəkərli diabet, hamiləlik toksikozu, preeklampsiya, qanaxmalar, anemiya, stress, pis qidalanma – vitamin və mikroelementlərin çatmamazlığı )
Hamilə qadınlara nəzarət edən həkimlər bilməlidirlər ki, yuxu dərmanları, qusmaya qarşı preparatlar, antibiotiklər dölə, ilk növbədə, onun sinir sisteminə toksiki təsir göstərə bilər. Dölün normal inkişafı, xüsusən onun beyni, vitamin, mikroelementlər mübadiləsi pozulduqda, qanda şəkərin miqdarı aşağı olduqda, nuklein turşularının quruluşu və tərkibi dəyişdikdə pozulur. Dölün bilavasitə zədələnməsinə travma səbəb ola bilər. Qan dövranının pozulması ciftin qismən ayrılması, onda qansızmaların olması, beynin qidalanmasının pozulması və onun inkişaf qüsuru ilə əlaqədardır.
– Ananın zərərli vərdişləri (narkomaniya, siqaretçəkmə, alkoqoldan istifadə)
– Ananın yaş faktoru (18-dən aşağı, 35-dən yuxarı)
2. Doğuş zamanı:
– Dölün asfiksiyası
– Doğuş travması
– Vaxtından əvvəl doğuşlar
– Gec doguşlar
Doğuş zamanı beyin fəaliyyətinin pozulmaları – intranatal uşaq serebral iflicləri çox vaxt travma mənşəli olur. Məsələn, doğuş fəaliyyətinin zəif olması nəticəsində çətin doğuş, göbək venasının boyuna dolanması, doğuş asfiksiyasının müxtəlif dərəcəsi və sair. Bütün bu amillər uşağın beyin fəaliyyətinin pozulmasını törədə bilər: “Beynin zədələnməsi təkcə çətin doğuş zamanı deyil, tez və vaxtından qabaq olan doğuşlarda da rast gəlinir. Doğuş travması beynin maddə və qişalarında qansızma yaradır, beyin maddəsi parçalanır, nekrozlaşır, bunlar beynin gələcək inkişafını pozur və uşaq serebral iflicinin yaranmasına səbəb olur”.
3. Doğuşdan sonra
– İnfeksiya və ya susuzlaşma nəticəsində yüksək bədən hərarəti
– Beyin infeksiyaları
– Suda boğulma, qazdan zəhərlənmə və digər səbəblərdən baş verən oksigen çatmamazlığı
– Beyin travmaları. Beyinə qansızma
– Məişət zəhərlənmələri
– Beyində şişlərin olması.
Müalicə
Uşaq serebral iflicin müalicəsi erkən dövrdə başlamalı və ömür boyu davam etməlidir. Uşaq həkimi, uşaq nevropatoloqu, müalicəvi idman həkimi və fizioterapevt, loqoped, psixoloq, ortoped və başqa mütəxəssislər birgə çalışaraq, belə xəstələri sözün əsl mənasında ayaga qaldırmalıdırlar.
Əsas müalicə fiziki və psixi funksiyaların məşqi yolu ilə nevroloji defektin azalmasına yönəlir. Məqsəd müalicəvi idman, fizioterapiya, massaj vasitəsi ilə uşağın hərəkəti aktivliyini onun imkanları daxilində maksimal dərəcəyə çatdırmaqdır. Körpənin beyni çox plastikdir və gərgin, davamlı reabilitasiya apardıqda hətta ağır formalı serebral iflici olan uşaqlar belə gözəl nəticələr göstərə bilər.
Serebral iflici olan uşaqlar bir qayda olaraq aşağıdakı müdaxilə növlərinə ehtiyac duyurlar:
- Fiziki terapiya;
- Əmək terapiayası;
- Nitq-dil patalogiyası;
Fiziki terapiya vasitəsilə yerimək, oturmaq, tarazlığı saxlamaq, əmək terapiyası vasitəsil geyinmək, soyunmaq, qidalanmaq, yazmaq və s., nitq-dil patalogiyası zamanı isə dil və boğaz əzələlərinin gərilməsi ilə əlaqədar danışmaqda çətinlik çəkərsə ünsiyyət bacarığında problemlər varsa bunlar üzərində işlənilir.
Bütün bu fəaliyyətlərdə valideynlərin dəstəyinə ehtiyac duyulur. Bir valideyn kimi övladınıza qarşı sevgili olun, onunla oynayın, onu anlamağa çalışın. Səbirli və təmkinli olun. Övladınızın yaxşılaşmasına ümid bəsləməkdə davam edin. Yardımçı ola biləcək yeni müalicələr vətexnologiyalar haqqında məlumatlar toplayın. Ancaq sınaqdan keçməmiş “yeniliklər”ə qarşı ehtiyatlı olun. Hər bir uşaq kimi sizin də övladınızın qarşısında öyrənmək və inkişaf etmək üçün tam bir ömür müddəti vardır.