Gicgah-çənə oynağı disfunksiyası

Gicgah çənə oynağı disfunksiyası (temporomandibular joint dysfunction) son zamanlarda geniş yayılmış patologiyadır. Yemək yeyərkən ağızda şıqqıltı səsi, hərəkət məhdudluğu, üzdə asimmetriya, dişləmin (prikusun ) düz olmaması, miqren , müalicəyə tabe olmayan boyun ağrıları gicgah çənə oynağı disfunksiyasının olmasının əsas simptomlarıdır. Beldə ağrılar, qamətin pozulması, dözülməz baş ağrıları, kürəkdə ağrılarla müraciət edən pasientlər bəzən problemin gicgah-çənə oynağında olmasından məlumatsızdırlar.
Gicgah-çənə oynağı disfunksiyasının yaranma səbəbləri:
Gicgah-çənə oynağı disfunksiyasının səbəbləri aşağıdakılardır.
Ortodontik – dişlərin hər hansı birinin olmaması, plomblanma zamanı edilən səhvlər, dişləmin düzgün olmaması, breketlərdən istifadə zamanı yaranan səbəblərdir.
Travmatik – gicgah-çənə oynağının travmaları, whiplash sindrom, bədənin digər nahiyələrinin travması.
Dayaq hərəkət sistem xəstəlikləri – aşağı ətraf uzunluğunda fərqlər, çanağın rotasiyası, bud-çanaq oynağı displaziyası, skolioz, kəllə və ya üz sümüklərinin deformasiyaları, yastıayaqlıq və s.
Gicgah-çənə oynağı disfunksiyası simptomları
* Sakitlik zamanı və ya ağzı açarkən bir və ya hər iki gicgah-çənə oynağında ağrının olması.
* Ağzı açarkən oynaqda krepitasiya, şıqqıltı səsinin yaranması.
* Anamnezdə gicgah-çənə oynağı travmalarının olması (çıxıq, yarım-çıxıq, xroniki çıxıqların olması) .
* Gicgah-çənə oynağı hərəkətində məhdudluq, ağzı tam aça bilməmək.
* Çeynəmə əzələlərində tonus, bruksizm.
* Asimmetriya ( üzdə, çənəaltı nahiyədə), ağzı açarkən etapla açılması.
Daimi və müalicəyə tabe olmayan baş və ya boyun ağrıları, miqren.